Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalçaçılıq sənətini yaşat və təbliğ et" layihəsinin üçüncü seminarı keçirildi

24 dekabr 2016 | 11:00

24 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin  üçüncü seminarı keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul və Muzeyin  Şuşa filialının  müdiri Səbinə Əzizova, Bakı Humanitar Kollecin tələbələri, rayon gəncləri və ASAN könüllüləri iştirak etdilər.
Tədbiri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova giriş nitqi ilə açaraq qonaqları salamladı. O bildirdi ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq,  xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verdi. O qeyd etdi ki, 1 ay müddətinə davam edəcək layihə çərçivəsində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək, iştirakçılara əyani şəkildə milli naxışların çəkilməsi, xalçaların toxunması texnikaları öyrədiləcəkdir. Natiq vurğuladı ki, layihə çərçivəsində keçirilən birinci seminarda “Xalçaçılıq sənətinin yaranma tarixi və inanclar” mövzusundan, ikinci seminarda Azərbaycan xalçaları, naxışlar, ornamentlər və onların mənalarından bəhs olunub. 
Azərbaycan Xalça Muzeyi Şuşa filialının  müdiri Səbinə Əzizova “Qarabağ qrupuna  aid olan xalça və xalça məmulatları” haqqında geniş məruzə ilə çıxış etdi, gəncləri maraqlandıran sualları cavablandırdı. Həmçinin, seminarda "Xilas olunmuş eksponatlar" adlı jurnal gənclərə təqdim olundu.
Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.

Keçidlər