Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın illik hesabatı
2016-ci il ərzində komissiyanın icraatına cəmi 672 sənəd daxil olmuşdur ki, onlardan 552-i idarə, müəssisə və digər təşkilatlardan daxil olan məktublar, 120-i vətəndaşlardan daxil olan müraciətlərdir.
Qəyyumluq və himayəçilik komissiyasının fəaliyyətinə aid olan məsələlərlə bağlı:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən məhkəmə¬lərdən uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə baxılması ilə əlaqədar rəy verilməsi üçün komissiyanın icraatına 142 mülki iş daxil olmuşdur. Onlardan 114-ü üzrə müvafiq rəylər verilmiş, 10-u üzrə rəy verilməsi mümkün olmamış (tərəflərin barışması ilə əlaqədar), 18-i komissiyanın icraatındadır.
Komissiyaya daxil olan digər sənədlərdən, 164-ü məhkəmə və icra şöbəsində maraqlı şəxs qismində iştirak edilməsi barədə bildirişlər, 22-i yetkinlik yaşına çatmayanların mülkiyyətində olan əmlakın qeydə alınması, 14-ü tərəflərin mənzil məişət şəraitinin müayinə edilməsi, 82-i məhkəmə orqanlarından daxil olmuş qətnamə və qərardadların surətləri, 85 ədədi isə digər məsələlərlə bağlıdır.
Vətəndaşlardan cəmi 120 müraciət daxil olmuşdur ki, onlardan 32-i ad və ya soyadın dəyişdirilməsi, 5-i uşaq tələbi, 15-i uşaqlarından ayrı yaşayan valideynin və ya baba və nənənin ünsiyyət hüquqlarının bərpa edilməsi, 4-i nikah yaşının aşağı salınması, 13-ü qəyyumluğa götürmə, 11-i uşağın internat məktəbinə yerləşdirilməsi, 4-ü müvafiq uşaq müəssisəsindən geri qaytarılma, 3-ü övladlığa uşaq götürməyi arzu edən şəxs qismində uçota alınma, 17-i yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqları olduğu əmlak hissəsi barədə əqdlərin bağlanmasına razılıq verilməsi, 2-i doğum haqqında şəhadətnamənin alınmasına köməklik göstərilməsi, 14 ədədi isə digər məsələlərlə bağlıdır.
Komissiya tərəfindən cari il ərzində 452 vətəndaş qəbul edilərək müraciətlərində qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar verilmişdir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyəti ilə bağlı cəmi 43 sənəd daxil olmuşdur. Onlardan 22-i dərsdən yayınma, 3-ü əməyin istismarı, 13-ü məktəbdə nizam-intizam qaydalarının pozulması, 2-i xırda xuliqanlıqla, 3-ü isə digər məsələlərlə bağlı olmuşdur. Həmin işlərə komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılaraq uşaqlar və onların valideynləri barəsində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 9-cu və 10-cu maddələrinə əsasən intizam təsir tədbirləri görülmüş, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən müvafiq qərarlar qəbul edilmişdir.
2016-ci il ərzində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotu aparılmış və 37 valideyn himayəsindən məhrum olmuş uşaq aşkar edilmişdir. İlkin uçota götürülmüş 37 valideyn himayəsindən məhrum olmuş uşaqlardan 20-i üzərində Azərbayçan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə uyğun olaraq qəyyum təyin edilmiş, 17 uşaq isə müvafiq internat müəssisəsinə yerləşdirilmişdir.
Hazırda Qəyyumluq və himayəçilik komissiyasında qeydiyyata alınmış və üzərlərində qəyyum təyin edilmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 69 nəfər təşkil edir. Komissiya üzvləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qəyyumluğa verilmiş uşaqların ailələrinə nəzarət xarakterli səfərlər edilir, onların saxlanılması, təhsili və yaşayış şəraiti yoxlanılır.