Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir

30 dekabr 2016 | 11:00

30 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin təşkilati dəstəyi ilə bu ilin aprel ayında cəbhə bölgəsində baş vermiş döyüşlər nəticəsində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirə lövhəsinin açılış mərasimi keçirildi.
Açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi bələdiyyəsinin sədr müavini Sabir Həsənov, 2 saylı Sahə İƏD üzrə nümayəndə Ləman Əliyeva, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Vüqar Abduləzimov, rayon sakinləri, şəhidin təhsil aldığı 144 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Sənan Axundov haqqında iştirakçılara məlumat verdi və şəhid Sənan Axundovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırdı. 
Çıxış edən “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Vüqar Abduləzimov, ehtiyatda olan polkovnik Rəşid Müslümov və digərləri Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən işlərdən, orduya göstərilən diqqət və qayğıdan söhbət açaraq, bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını dilə gətirdilər.
Şəhidin atası Tahir Axundov çıxış edərək şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsar İsmayılov və şəhidin atası Tahir Axundov birlikdə lövhənin üzərindən örtüyü götürdülər. Lövhənin önünə iştirakçılar tərəfindən tər gül dəstələri qoyuldu.

Keçidlər