Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Şura iclası keçirildi

10 yanvar 2017 | 11:00

9 yanvar 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Şura iclası keçirildi.
İclasda YAP Binəqədi rayon təşkilatının 2016-cı ildə gördüyü işlərin hesabatı dinlənildi, təşkilatın 2017-ci il üçün Fəaliyyət Planı, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi, bununla əlaqədar müvafiq qrafikin təsdiq edilməsi, rayon təşkilatının IX hesabat-seçki konfransına seçiləcək nümayəndələr üçün normanın müəyyən edilməsi, ərazi ilk partiya təşkilatlarından yığılan üzvlük haqlarının yığılması vəziyyəti barədə məsələlər geniş müzakirə edildi.
İclası giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gündəlikdə duran məsələlər barədə məlumat verərək rayon təşkilatının ötən ilki hesabatını diqqətə çatdırdı. Bildirdi ki, hesabat dövrü ərzində YAP-ın ideoloji, təşkilati prinsiplərinin yerinə yetirilməsi, rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun olaraq müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlər, layihələr həyata keçirilib. Ümumilikdə keçirilmiş 120-ə yaxın tədbirdə 15000-dən çox YAP üzvünün, Binəqədi rayon ictimaiyyətinin fəallarının iştirakı təmin edilib. Sədr həmçinin YAP üzvlərinin sıralarının günbəgün artdığını və bunun ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin siyasi kursunun xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsi olduğunu qeyd etdi. Vurğuladı ki, 2016-cı il ərzində təşkilatın üzvlərinin sayı 327 nəfər artaraq 15450 nəfər təşkil edib. Onların içərisində gənclər üstünlük təşkil edir. Daha sonra ötən ilin 26 sentyabr tarixində keçirilən üummxalq səsverməsinə diqqət çəkərək YAP tərəfindən yaradılan “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən Binəqədi rayonunda keçirilən görüşlərdən ətraflı bəhs etdi.
Ramiz Göyüşov həmçinin rayon təşkilatının IX hesabat-seçki konfransına hazırlıq məqsədilə görüləcək işlərdən bəhs etdi. Bununla əlaqədar ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsi üçün müvafiq qrafikin tərtib edildiyini, orada YAP üzvlərindən rayon konfransına nümayəndələrin seçiləcəyini bildirdi.
İclasda YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Rahil Şükürov təşkilatın 2017-ci il üçün Fəaliyyət Planı haqqında məlumat verdi. Bildirdi ki, cari il üçün müzakirəyə çıxarılan Fəaliyyət Planı 47 bənddən ibarətdir və orada müxtəlif ideoloji işlərin aparılması, əlamətdar günlərin qeyd edilməsi və digər aktual məsələləri əhatə edən layihələr yer alıb.
Daha sonra iclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başladı. Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov bütün partiya üzvlərinin partiya ideologiyasını dərindən bilməsinin vacibliyini önə çəkərək, YAP üzvü olan gənclərin bu istiqamətdə daha çox maarifləndirilməsinin əhəmiyyətini vurğuladı. YAP üzvlüyünün böyük məsuliyyət olduğunu və hər bir partiya üzvünün bu məsuliyyəti dərk edərək ictimai-siyasi proseslərdə daha fəal olmalarını qeyd etdi.
İclasda çıxış edənlər – sədr müavini Füzuli İsmayılzadə, Nəzarət-Təftiş Komissiyasının sədri Yolçu Zeynalov, Şura üzvləri İsaq Həsənzadə, Elçin Hüseynov, Yeganə Cabbarlı, İftixar Piriyev, müxtəlif ərazi ilk partiya təşkilatlarının fəalları hesabatı qənaətbəxş hesab edərək öz təkliflərini irəli sürdülər.
İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edildi.

Keçidlər