Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Gigiyena və Epidemiologiya Mərkəzində rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması mövzusunda iclas keçirildi

16 yanvar 2017 | 11:00

16 yanvar 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsar İsmayılovun iştirakı ilə Gigiyena  və Epidemiologiya Mərkəzində  iclas keçirildi.
Görüşdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev və mərkəzin əməkdaşları iştirak etdilər. İclasda  rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və  əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr aparıldı. Vüsar İsmayılov  görüş zamanı  bildirdi ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan  Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında  əhəmiyyətli rol oynayacaqdır.
Bundan əlavə olaraq, Vüsar İsmayılov rayon ərazisində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması, ekoloji sağlamlığın təmin edilməsi və ətraf mühitin mühafizəsi ilə əlaqədar  müzakirələr apardı və mərkəz tərəfindən görülən işlərlə yaxından tanış oldu. O, eyni zamanda  mərkəzin işində şəffaflığı artırmaq istiqamətində öz tövsiyələrini verdi.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Natiq vurğuladı ki, Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayir. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edildi. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.
Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır.
Sahibkarlığın inkişafına dövlət tərəfindən diqqət və qayğının artırılması bu kateqoriyadan olan vətəndaşların daha geniş fəaliyyət göstərmələrinə imkan yaradır.
Belə ki, Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanun imzalayıb. Qanuna əsasən 2015-ci il noyabrın 1-dən 2017-ci il noyabrın 1-dək yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
İşində biganəliyə, kobudluğa yol verən məmurlar ölkə başçısının bu çıxışından öz paylarını almalıdırlar.
Natiq eyni zamanda vurğuladı ki, vətəndaşların şifahi müraciətləri zamanı onlarla dövlət qulluqçularının etik davranış qaydaları çərçivəsində ünsiyyət qurulmalı və edilən müraciətlə bağlı vətəndaşlara düzgün istiqamət verilməlidir.
Bundan başqa, tədbir zamanı qeyd edildi ki, kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir. 
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistem və institusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov mərkəzin əməkdaşları ilə birgə qeyd olunan məsələlərlə bağlı  fikir mübadiləsi apardı və verilən sualları cavablandırdı.

Keçidlər