Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon Enerji təchizatı və satış idarəsində enerji təchizatı sahəsində mövcud olan problemlər müzakirə edildi

17 yanvar 2017 | 11:00

17 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun iştirakı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Elşad Rəhimov və Binəqədi rayon Enerji təchizatı və satış idarəsinin vəzifəli şəxsləri ilə görüş keçirildi.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2016-cı il ərzində görülən və cari ildə görülməsi nəzərdə tutulan işlərdən danışaraq iclas iştirakçılarını müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Tədbirdə enerji təchizatı və satış sahəsində mövcud olan problemlərlə bağlı vətəndaş müraciətləri geniş müzakirə edildi, vətəndaşların qəbul günləri, qəbul qaydaları, telefon zəng mərkəzləri təhlil edildi, bu və ya digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr verildi.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etmişdir ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bununla belə qeyd edildi ki, kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir. 
Natiq eyni zamanda vurğuladı ki, vətəndaşların şifahi müraciətləri zamanı onlarla dövlət qulluqçularının etik davranış qaydaları çərçivəsində ünsiyyət qurulmalı və edilən müraciətlə bağlı vətəndaşlara düzgün istiqamət verilməlidir.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistem və institusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.
Sonda qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.

Keçidlər