Binəqədi rayon Sukanal İdarəsində görüş keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Elşad Rəhimov 16 yanvar 2017-ci il tarixdə Binəqədi rayon Sukanal İdarəsinin vəzifəli şəxsləri ilə görüş keçirmişdir.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2016-cı il ərzində görülən və cari ildə görülməsi nəzərdə tutulan işlərdən danışaraq iclas iştirakçılarını müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Tədbirdə su və kanalizasiya sahəsində mövcud olan problemlərlə bağlı vətəndaş müraciətləri geniş müzakirə edilmiş, vətəndaşların qəbul günləri, qəbul qaydaları, telefon zəng mərkəzlərinin fəaliyyəti təhlil edilmiş, bu və ya digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etmişdir ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bununla belə qeyd edilmişdir ki, kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir.
Eyni zamanda tədbirdə qeyd edilmişdir ki, 2016-cı il ərzində rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 977 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 241 p/m kanalizasiya xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 15 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 19 ədəd nasos təmir edilmiş, 7 ədəd elektrik mühərriki təmir olunmuşdur. Hesabat dövrü ərzində əhalinin keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə müxtəlif ünvanlarda su xətlərində 2995, kanalizasiya şəbəkəsində 5093 qəzanın qarşısı alınmış, həmçinin 5620 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 36520 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 21 ədəd su anbarları yuyulmuşdur. Bundan əlavə əhalinin fasiləsiz içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Bakı şəhəri və onun ətraf qəsəbələrinin Sosial İqtisadi İnkşafına dair” Dövlət Proqramına uyğun olaraq, Binəqədi qəsəbəsinin və rayonun digər qəsəbələrinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin “Master Plan” əsasında əsaslı həlli nəzərdə tutulur.
Bundan başqa tədbirdə qeyd edilmişdir ki, 2016-cı ilin oktyabr ayında yağan güclü yağışlar nəticəsində Xırdalan kollektoru daşmış və rayonun Biləcəri, Binəqədi, Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində minlərlə evin həyətyanı sahəsi, zirzəmisi və yaşayış hissələri su altında qalmışdır. Tədbirdə Bakı şəhəri ərazisində yağan yağıntılarla bağlı subasan ərazilərdə gələcəkdə zəruri tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Ramiz Mehdiyev cənablarının rəhbərliyi altında İşçi qrupu yaradıldığı və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə geniş müzakirələr həyata keçirildiyi, işçi qrupunun təklifləri əsasında subasma ərazilərində problemin əsaslı həllinin nəzərdə tutulduğu qeyd olunmuşdur.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistem və inistitusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.
Sonda qeyd edilmişdir ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlarla bağlı xüsusi yer ayrılması, ciddi müzakirələrin aparılması, qısa zamanda konkret tədbirlərin müəyyənləşdirilməsi nəzərdə tutulubdur.