Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
24 yanvar 2017-ci il tarixdə 157 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun kommunal xidmət müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, 6-cı və 9-cu mikrorayon sakinləri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbirin mahiyyəti barədə məlumat verərək müzakirə olunacaq məsələnin gündəliyini elan etdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə 12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Sonra İlqar Süleymanov ötən hesabat ilində ölkədə və rayonda görülən işlər barədə qısa məlumat verərək, gündəlikdəki məsələlərin müzakirəsinə keçdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva 2016-cı il ərzində sahə ərazisində görülən işlər barədə geniş məruzə ilə çıxış etdi. O, ötən hesabat ilində sahə inzibati ərazisində görülən işlər, həyata keçirilən layihələr, əldə olunan uğurlu nailiyyətlər, vətəndaşların müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində göstərdikləri səylər, həmçinin 2017-ci ildə görülməsi nəzərdə tutulan işlər və həlli vacib məsələlər barədə ətraflı məlumat verdi.
Hesabat yığıncağında məruzə ətrafında ərazi sakinləri Aslan Mehdiyev, Hasil Tağıyev və Qədir Bağırzadə çıxış edərək, hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndirdilər.
Müzakirələrdə çıxış edənlər əhalini narahat edən məsələlərə, xüsusilə 9-cu mikrorayon ərazisində qış aylarında mənzillərdə istilik təzyiqinin az olması, son günlərdə binalardan liftlərin ehtiyat hissələrinin oğurlanması hallarına, 6-cı mikrorayon ərazisində isə təmir işləri aparılmamış binaların dam örtüyü və fasadlarının təmiri məsələlərinə toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr apardılar.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov mövcud olan nöqsan və çatışmazlıqlara toxunaraq qeyd etdi ki, ərazidə torpaqlardan istifadənin vəziyyəti və qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir.
Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi, onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.
Əhali ilə səyyar görüşlərin keçirilməsi daha da yaxşılaşdırılmalı, daim əhali arasında olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Dövlət qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əməl olunmasına tələb artırılmalıdır. Hər bir müəssisə rəhbəri əhali və tabeçiliyində işləyən əməkdaşlarla münasibətdə öz vicdanlılığı, mədəniyyəti və işgüzarlığı ilə nümunə olmalıdır.
Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, nümayəndəliyin fəaliyyətində şəffaflıq artırılmalıdır.
Sonda müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edildi və qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.