Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəblilərinin Dövlət Miqrasiya Xidmətinə ekskursiyası təşkil edildi

25 yanvar 2017 | 11:00

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə təsdiq edilən tədbirlər planına əsasən 25 yanvar 2017-ci il tarixində Binəqədi rayon məktəblilərinin Xidmətin aparatına ekskursiyası təşkil edildi.
Məktəblilərlə görüşən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş qurumun fəaliyyətini ətraflı şərh edib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə daxil olduqları anda ilk ünsiyyətdə olduqları dövlət orqanlarından biridir. Xidmət ölkədə olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur. Xidmət rəisi vurğuladı ki, əvvəllər ölkədə miqrasiya proseslərinin tənzimlənməsini və bu vacib sahəyə nəzarəti bir neçə dövlət orqanı həyata keçirirdi. Bu sahədə dövlət siyasətini yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev miqrasiya siyasətinin başlıca parametrlərini müəyyən etdi. Ölkədə miqrasiya üzrə daha təkmil bir sistemin reallaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradılıb. Möhtərəm Prezidentimizin iştirakı ilə xidmətin yeni inzibati binası istifadəyə verilib. Binəqədi rayonunda inşa edilən ən müasir standartların tətbiq olunduğu yeddi mərtəbəli bina memarlıq üslubu və daxili tərtibatı ilə göz oxşayır. Binada xidmət əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Avropada yaşanan miqrant böhranına rəğmən Azərbaycanda dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaradılmış şəraiti diqqətə çatdırıb. Onların hüquq və azadlıqlarının təmin edilməsi üçün əsaslı işlər görüldüyünü deyib. Xidmət rəisi ölkəmizdə bütün bu uğurlu nəticələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olduğunu xüsusi vurğulayıb.
Məktəblilər Xidmətin Qəbul və Gözləmə zalları, “Çağrı mərkəzi”nin fəaliyyəti və əməkdaşların iş prosesləri ilə tanış oldular.
Xidmətin Heydər Əliyev Muzeyini də ziyarət edən şagirdlər müasir Azərbaycanın qurucusu və memarı, ümummilli liderin keçdiyi şərəfli həyat yolunu və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər və böyük şəxsiyyət haqqında yazılan kitablarla tanış oldular. Muzeyin fəaliyyəti, əbədiyaşar liderimizin xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, Muzeydə Ulu Öndərin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyində nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyinin gücləndirilməsi, ölkə iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, “Əsrin müqaviləsi”nin imzalanması, təhsil, səhiyyə, elm, ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilib.
Sonra Xidmətin Akt zalında Binəqədi rayon məktəbliləri ilə görüş keçirildi. Görüşdə Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışıldı. Qeyd olundu ki, Azərbaycanın iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə hərtərəfli dinamik inkişafı respublikamızı əcnəbilər üçün olduqca cəlbedici ölkəyə çevirib.
Hüquq-mühafizə orqanı status¬unu daşıyan Dövlət Miqrasiya Xidməti tərəfindən ötən dövr ərzində miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirlən tədbirlər beynəlxalq təşkilatlar, eləcə də ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən təqdir olunur.
Sonra Xidmət tərəfindən hazırlanan Avropada miqrant böhranından, Azərbaycanda isə miqrantlara yaradılan şəraitdən bəhs edən “Uzun səyahət” filmi nümayiş olundu.
Binəqədi rayon məktəblilərinin böyük marağına səbəb olan ekskursiyanın sonunda xatirə şəkili çəkdirildi və şagirdlərə hədiyyələr verildi.
284 saylı məktəbin tarix müəllimi Mehriban Mahmudova belə bir ekskursiyanın təşkilinə görə minnətdarlığını bildirdi.
Məktəblilərin ekskursiyasının qarşıdakı dövrdə də davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər