Binəqədi rayonunda təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə orta ümumtəhsil məktəblərində görüşlərin keçirilməsinə başlanılıb
Binəqədi rayonunda əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsilin inkişafı səviyyəsi barədə əhalinin məlumatlandırılması, təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə orta ümumtəhsil məktəblərində görüşlərin keçirilməsinə başlanılıb.
Belə ki, 23-24 yanvar 2016-cı il tarixlərdə 126, 244 və 283 nömrəli tam orta məktəblərdə görüşlər keçirildi.
İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov və orta ümumtəhsil məktəblərinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı digər məsul işçiləri də iştirak etdilər.
İclası giriş sözü ilə açan məktəb rəhbərliyi çıxış edərək təhsilimizə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür etdi, yaradılmış geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, milli ruhlu vətəndaş, şəxsiyyət yetişdirdiklərini və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.
Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıraraq bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğulamdı. Təhsilin əhəmiyyətinə toxunan A.Əliyeva bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə də diqqət çəkərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin uğurla icra olunduğunu qeyd etdi.
Görüş zamanı A.Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş müşavirələrinə həsr olunmuş 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş iclasda səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, bəzi orta ümumtəhsil müəssisələrində korrupsiya hallarının olması ictimaiyyət arasında ciddi narazılıq yaratmışdır.
Natiq orta ümumtəhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, ümumi nəzarətin təşkili, məktəblərlə bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması və digər məsələlərə toxundu. Eyni zamanda məktəblərlə bağlı sakinlərdən daxil olan şifahi və yazılı şikayətlərin araşdırılması və mənfi halların aradan qaldırılması məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi tapşırıldı və qeyd edildi ki, bütün sahələrdə olduğu kimi orta ümumtəhsil müəssisələrində də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, şəffaflıq artırılmalıdır.