Dövlət Sığorta Şirkətinin Binəqədi rayon filialında iclas keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun iştirakı ilə Dövlət Sığorta Şirkətinin Binəqədi rayon filialında iclas keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdürü Yəyha Əliyev, şirkətin direktoru Sabir Qarayev və idarənin əməkdaşları iştirak etdilər.
İclasda rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr aparıldı. Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov görüş zamanı bildirdi ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı və s. ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bundan əlavə olaraq, Vüsar İsmayılov sığorta şirkətinin mövcud vəziyyəti ilə yaxından tanış oldu, rayonda sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə dair öz tövsiyələrini verdi, həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərinin, müəssisələrin, eyni zamanda fərdi yaşayış evlərinin sığortalanmasının vacibliyini vurğuladı. Görüşdə həmçinin sığorta sektorunun inkişaf istiqamətləri barədə söhbət aparıldı, əhalinin bu sahəyə olan etimadının daha da gücləndirməsi mövzusunda geni müzakirələr edildi, beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verildi və daim inkişafda olan ölkə iqtisadiyyatımızda sığorta sektorunun böyük rolu olduğu əsaslı şəkildə qeyd edildi.
Natiq eyni zamanda vurğuladı ki, vətəndaşların şifahi müraciətləri zamanı etik davranış qaydaları çərçivəsində ünsiyyət qurulmalı və edilən müraciətlə bağlı vətəndaşlara düzgün istiqamət verilməlidir. Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistem və inistitusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.