Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

27 yanvar 2017 | 11:00

27 yanvar 2017-ci il tarixdə 8-ci mikrorayon, 135 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri və məsul işçiləri, Nərimanov bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossiasiyasının sədri Təhmiraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossiasiyasının sədri Hümbət Hüseynov, Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossiasiyasının icraçı katibi, Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov, Almaniya Əməkdaşlıq Təşkilatının nümayəndəsi Fidan Qasımova, “Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli, Hüquq-mühafizə orqanlarının mikrorayonlar üzrə məsul əməkdaşları, rayonun kommunal xidmət müəssisələrinin, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və 7,8 və 9-cu mikrorayon sakinləri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkədə və rayonda görülən işlər barədə ətraflı məlumat verərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  və 12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı 2016-cı il ərzində ərazidə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hər iki hesabat məruzəsində ötən il görülən işlər nümayəndəliyin və bələdiyyənin fəaliyyətində əldə edilən uğurlar, mövcud çətinliklər, problemlər və çatışmazlıqlardan ətraflı söhbət açıldı, qarşıda duran vəzifələr ətraflı təhlil olundu.
Hesabat yığıncağında məruzələr ətrafında mikrorayon sakinləri Vaqif Mustafayev,  Sona Quliyeva və  İlqar Mehdiyev çıxış edərək, hər iki hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndirdilər.
Hesabat yığıncağında çıxış edən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov həm Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, həm də bələdiyyənin hesabat ilindəki fəaliyyətləri barədə hesabatlarının birgə müzakirəsinin təşkilinin təqdirəlayiq hal olduğunu, belə bir təcrübənin yayılmasının zəruri olduğunu vurğuladı. Çıxışına davam edən Kamran Bayramov Binəqədi rayonu bələdiyyələrinin fəaliyyəti barədə ətraflı məlumat verərək, onların göstəricilərinə görə ölkə miqyasında birinci üçlükdə olduğunu qeyd etdi.
Sonda bələdiyyələrin fəaliyyətində mövcud olan problemlərdən danışaraq, onların həllində bələdiyyələrə uğurlar arzuladı.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hər iki qurumun fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlara toxunaraq onların həlli istiqamətində öz tapşırıq və tövsiyələrini verdi.
Bələdiyyələrin, o cümlədən Binəqədi  bələdiyyəsinin fəaliyyətində, bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol verildiyini diqqətə catdırdı.
Vətəndaşların müraciətlərinə baxılması, təkmilləşdirilməsi istiqamətində tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin etmək mümkün olmamışdır.Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi,onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu bildidir.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov daha sora bildirdi ki, əhali ilə səyyar görüşlərin keçirilməsi daha da yaxşılaşdırılmalı, daim əhali arasında olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.
Dövlət və bələdiyyə qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əməl olunmasına tələb artırılmalı, hər bir müəssisə rəhbəri mədəniyyəti və işgüzarlığı ilə nümunə olmalıdır.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, bələdiyyə və nümayəndəliyin fəaliyyətində şəffaflıq artırılmalıdır.
Yekunda hər iki müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edildi və qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.
Hesabat yığıncağının sonunda “Ən yaxşı Məhəllə komitəsi”, “Ən intizamlı vergi ödəyicisi” və “Bələdiyyənin dostu” mükafatına layiq görünənlər Binəqədi bələdiyyəsi tərəfindən təltif olundular.

Keçidlər