Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
31 yanvar 2017-ci il tarixində Biləcəri qəsəbəsində yerləşən 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun kommunal xidmət müəssisələrinin qəsəbə üzrə nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbirin mahiyyəti barədə məlumat verərək, müzakirə olunacaq məsələlərin gündəliyini elan etdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda və Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə 12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Sonra Vüsar İsmayılov ötən hesabat ilində ölkədə və rayonda görülən işlər barədə qısa məlumat verərək, gündəlikdəki məsələlərin müzakirəsinə keçdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov və Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzə ətrafında qəsəbə sakinləri Nizami Novruzov, Elçin Məmmədov və Kamal Rəhimov çıxış edərək, hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndirdilər.
Müzakirələrdə çıxış edənlər əhalini narahat edən məsələlərə, xüsusilə qəsəbə ərazisində yeni yaşayış məhəllərində kanalizasiya şəbəkəsinin qurulması, qəsəbənin qaz təchizatının yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması və s. kimi məsələlərə toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr apardılar.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov mövcud olan nöqsan və çatışmazlıqlara toxunaraq qeyd etdi ki, ərazidə torpaqlardan istifadənin vəziyyəti və qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir.
Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi, onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.
Əhali ilə səyyar görüşlərin keçirilməsi daha da yaxşılaşdırılmalı, daim əhali arasında olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Dövlət qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əməl olunmasına tələb artırılmalıdır. Hər bir müəssisə rəhbəri əhali və tabeçiliyində işləyən əməkdaşlarla münasibətdə öz vicdanlılığı, mədəniyyəti və işgüzarlığı ilə nümunə olmalıdır.
Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.
Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, nümayəndəliyin fəaliyyətində şəffaflıq artırılmalıdır.
Sonda müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edildi və qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.