Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyul tarixi elin igid oğlullarından biri - Aprel döyüşləri qəhrəmanı Emin Bağırovun doğum günüdür.

15 iyul 2022 | 18:26

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın Şanlı Zəfər səhifəsinin başlanğıcıdır. Öz çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribata və fitnəkarlığa əl atan, işğalçılıq, təcavüzkarlıq siyasəti yeridən düşmən məhz bu tarixdə növbəti dəfə işğalçı niyyətlərini həyata keçirməyə çalışdılar. Niyyətləri baş tutmadı. Azərbaycan dövləti, Azərbaycanın rəşadətli Ordusu düşmənə sarsıdıcı zərbəsini endirdi. İllərlə ürəyi Qarabağa qovuşmaq eşqi ilə alışan, Ana torpağı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan Azərbaycan oğulları düşmənin hücumuna qarşı canlarından keçərək qəhrəmanlıq dastanı yazdılar!

15 iyul tarixi elin igid oğlullarından biri - Aprel döyüşləri qəhrəmanı Emin Bağırovun doğum günüdür. Şəhidin doğum günü münasibətilə məzarı ziyarət olundu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin rəis müavini polkovnik-leytenant Mail Hacızadə, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazisi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının məsul əməkdaşı Kübra Əliyarlı, şəhid ailələrinin üzvləri, qəsəbə sakinləri və rayon ictimaiyyəti iştirak etdilər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə xalqımızın ehtiramını bildirərək, 2016-cı ilin aprel döyüşlərinin Ordumuzun və xalqımızın tarixində yeni dövrün – Qələbə dövrünün başlanğıcı olduğunu, Aprel döyüşlərinin, eyni zamanda, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdiyini, xalqımızın ədaləti tezliklə bərpa edəcəyinin, düşmən işğalı altında qalan torpaqlarımızın azad olunacağı mesajını verdiyini. xalqımızın mövqeyini, həmrəyliyini, əqidəsindən, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu təsdiqlədiyini, 2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandanımızın xalqa üz tutaraq Vətən savaşının başlandığını elan etdiyi zaman xalqımızın həmrəy olaraq Vətənin müdafiəsinə qalxığını, rəşadətli Ordumuzun 44 günlük Zəfər yürüşündə hamımıza çox böyük xoşbəxtlik yaşatdığını, ürəyimizi qürurlandırdıqlarını söylədi. Sonra Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında uyuyan Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edildi.

Emin İmran oğlu Bağırov 15 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuşdu. 2014-cü ildə 182 nömrəli tam orta məktəbdə təhsilini başa vurmuşdu. "MMA" və "Uşu Sanda" idman növü ilə məşğul olmuşdu. 2014-cü ilin oktyabrın 8-də hərbi xidmətə yollanmış və Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri kimi xidmət etmişdi.

2016-cı il aprelin 4-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və doğulduğu Bakı şəhəri Binəqədi rayonunda Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

 

https://www.youtube.com/watch?v=cucJNXQYqhY

https://twitter.com/bineqedi_rih/status/1549304881881792516

 

Keçidlər