“Addım-addım” adlı layihəsinə yekun vuruldu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən VIII qrant müsabiqəsinin qalibi Mahmud Məmmədzadənin “Addım-addım” adlı layihəsinə yekun vurulub.
Layihənin keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına töhfə vermək və onların gələcəkdə biznesin idarə edilməsi istiqamətində peşəkar kadrlar kimi yetişməsinə dəstək olmaqdan ibarətdir.
Layihə çərçivəsində 3 təlim keçirilib və Binəqədi rayonunda fəaliyyət göstərən “Baker” çörək zavoduna ekskursiya təşkil edilib.
İlk təlimdə CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacıyev “Profaylinq-60 saniyədə insan tanıma sənəti” mövzusunda çıxış edib. Təlim zamanı müxtəlif insan psixotiplərinin təhlili və iş həyatında fərqli xarakterə malik insanlarla işləyərkən diqqət edilməsi zəruri olan məqamlar haqqında layihə iştirakçılarına ətraflı məlumat verilib.
Növbəti təlimlər “CV formalarının düzgün hazırlanması” və “Modern marketing group” şirkətinin təsisçisi Yusif Vəliyevin təqdimatında “Brendin formalaşdırılması, bazarda satış işinin uğurlu təşkili” mövzularında olub.
“Baker” çörək zavoduna ekskursiya zamanı isə gənclər istehsal prosesi və burada yaradılmış iş şəraiti ilə tanış olublar.
Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif ediliblər.