Dövlət Miqrasiya Xidmətinə ekskursiya Binəqədi rayon məktəblilərinin böyük marağına səbəb olub
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına əsasən Binəqədi rayon məktəblilərinin növbəti qrupunun Xidmətin aparatına ekskursiyası təşkil edildi.
Məktəblilər DMX-nın Qəbul və Gözləmə zalları, “Çağrı mərkəzi”nin fəaliyyəti və əməkdaşların iş prosesləri ilə tanış oldular, Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etdilər.
Sonra Xidmətin Akt zalında Binəqədi rayon məktəbliləri ilə görüş keçirildi. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev məktəbliləri salamladı və onlara Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi.
Bildirildi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə hərtərəfli dinamik inkişafı sürətləndirib. Qeyd edilən müsbət amillər respublikamızı əcnəbilər üçün olduqca maraqlı ölkəyə çevirib.
Görüşdə Xidmətin 10 il ərzində əldə etdiyi nailiyyətlərdən, mükəmməl qanunvericilik bazasından, regional miqrasiya idarələrinin keçdiyi uğurlu inkişaf yolundan bəhs edildi. Hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidmətinin ötən on il ərzində miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin beynəlxalq təşkilatlar, eləcə də ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən təqdir olunduğu bildirildi.
102 saylı məktəbin müəllimi Dönməz Mirzəyev belə bir tədbirin təşkilinə görə iştirakçılar adından təşəkkürünü bildirdi.
Sonra Xidmət tərəfindən hazırlanan “Uzun səyahət” filmi nümayiş olundu.
Binəqədi rayon məktəblilərinin böyük marağına səbəb olan ekskursiyanın sonunda xatirə şəkili çəkdirildi və şagirdlərə hədiyyələr verildi.
Məktəblilərin Xidmətə ilk ekskursiyası cari ilin yanvarında təşkil edilmişdir.