Binəqədi rayon məktəbliləri “Sabahın alimləri” VI Respublika müsabiqəsinin qalibi oldu
17 fevral 2017-ci il tarixində AMEA-nın əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkəti tərəfindən birgə təşkil olunan "Sabahın alimləri” VI respublika müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.
Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilən müsabiqənin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və iştirakçılar arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.
Müsabiqədə ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 125 elmi layihə ilə iştirak etdilər. Onlardan 77-si kollektiv, 48-i isə fərdi layihədir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirildi. Qaliblərin sırasında kompüter elmləri üzrə: 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Alışev Elgün Rafiq oğlu ikinci yerə, Ekologiya, ətraf mühitin idarə olunması üzrə: 246 nömrəli məktəb-liseyin X sinif şagirdləri Fərəcova Fəridə Anar qızı və Baloğlanova Aygün Elşən qızı üçüncü yerə layiq görüldülər.
Bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək Binəqədi rayonu 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev ən yaxşı layihə müəllifi olaraq seçildi.
Bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəlliflərinin içərisində kompüter elmləri kateqoriyaları üzrə Binəqədi rayonu 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev də nəzərdə tutulub.