Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrdə yaradılan “İctimai-humanitar” sektorla 2017-ci ilin Tədbirlər Planının müzakirəsi keçirildi

21 fevral 2017 | 11:00

20 fevral tarixində Bələdiyyələrdə yaradılan “İctimai-humanitar” sektorla 2017-ci ilin Tədbirlər planının müzakirəsi  keçirildi.
Keçirilən görüşdə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Leyla Kərimova, İctimai-humanitar sektorun rəhbərləri və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak etdilər.
İlk öncə iclası açıq elan edən Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın 2016-cı ildə də davam etdiyini bildirdi. O həmçinin “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və digər strateji əhəmiyyətli sənədlərin imzalanmasının ölkə iqtisadiyyatına mühüm töhfələri olacağını bildirdi. 
Daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova 2016-cı il ərzində sektorun İctimai-siyasi və humanitar məsələlər şöbəsi ilə  birgə keçirilən layihələri haqqında məruzə etdi.
Sonra İctimai-humanitar sektorun rəhbərləri 2017-ci ildə həyata keçirəcəkləri layihələr haqqında çıxış etdilər.
Ümumillikdə, keçirilən görüşdə İctimai-humanitar sektorun fəaliyyət spektrinin genişləndirilməsi, dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin keçirilməsi  istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı.

Keçidlər