Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gənclərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası keçirildi

21 fevral 2017 | 11:00

21 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi bələdiyyəsi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin yekunu olaraq layihə iştirakçılarının Azərbaycan Xalça Muzeyinə ekskursiyası keçirildi.
Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, Azərbaycan Xalça Muzeyinin nümayəndələri, Bakı Humanitar Kollecin tələbələri, ASAN könüllüləri, gənclər iştirak etdilər.
Öncə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, hər bir xalqın tarixində onun mənəvi dünyasını, intellektini, estetik dünyagörüşünü, həyat tərzini ifadə edən mədəniyyət və incəsənət növləri mövcuddur. Mədəniyyət tutarı coğrafi tutarından qat-qat böyük olan Azərbaycan xalqının mədəni dəyərlərindən biri toxuculuq və xalça sənətidir. Natiq vurğuladı ki, “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. Layihəsi çərçivəsində Binəqədi rayonunda gənclər üçün bir neçə seminar-təlimlərin keçirildiyini bildirən Jalə Tofiqqızı bu seminarların böyük maraqla qarşılandığını qeyd etdi.
Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği” - bəndinə uyğun olaraq həyata keçirilir. O bildirdi ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq  xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Tədbir çərçivəsində iştirakçı gənclərə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov tərəfindən xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri, həmçinin xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verdi.
Çıxışlardan sonra layihə iştirakçıları Azərbaycan Xalça Muzeyi ilə tanış oldular, onlara əyani olaraq  eksponatlar haqqında geniş məlumatlar verildi.  Sonda  layihəni uğurla başa vuran gənclərə  sertifikatlar  təqdim olundu.

Keçidlər