179 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
23 fevral tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində 179 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Xocalı Soyqırımını Tanıtma İctimai birliyinin sədri Şamil Sabiroğlu, 179 nömrəli tam orta məktəbin şagird, müəllim kollektivi və Xocalı sakinləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılova Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirərək onun heç vaxt unudulmayacağını söylədi, milli-vətənpərvərlik ruhunda böyüyən gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı. Daha sonra “Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək Xocalı sakinlərinin xatirələrindən sitatlar gətirdi.
Sonda çıxış edən Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək, Xocalı soyqırımını misli olmayan faciə kimi bu soyqırımı dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd etdi.
Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar, videoçarxlar nümayiş olundu, 179 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Xocalıya həsr olunmuş bayatılar, şeirlər, səhnəciklər, musiqi kompozisiyaları təqdim edildi.
Tədbirin sonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsində qalib gəlmiş şagirdlər diplomlarla təltif olundu.