177 saylı körpələr evi-uşaq bağçasının uşaqları müxtəlif dillərdə “Xocalıya ədalət!” istədi
24 fevral 2017-ci il tarixdə Binəqədi rayonundakı 177 saylı körpələr evi-uşaq bağçasında Xocalı faciəsinə 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, YAP Binəqədi rayon təşkilatının nümayəndəsi Orxan Əlixanlı, ASAN könüllüsü, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı bildirdi ki, XX əsrin ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Bu faciənin soyqırım kimi tanınması üçün dövlətimiz, diasporumuz tərəfindən görülən işlər barədə danışan natiq Prezident İlham Əliyev imzaladığı işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı vurğuladı. Jalə Tofiqqızı bildirdi ki, Cocuq Mərcanlıya qayıdış xalqımızda, o cümlədən Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılılarda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası, eləcə də o torpaqlara qayıdış ümidini daha da möhkəmləndirdi.
YAP Binəqədi rayon təşkilatının nümayəndəsi Orxan Əlixanlı və 177 saylı körpələr evi-uşaq bağçasının müdiri Pəri Rəhimova çıxış edərək xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri ilk öncə övladlarımıza, sonra bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğuladılar.
Sonda bağçanın balaca fidanlarının ifasında “Çırpınırdı Qara Dəniz” adlı bədii kompozisiya nümayiş etdirildi, Xocalı soyrıqımı haqqında məlumatlar uşaqların dilindən müxtəlif dillərdə səsləndirildi. “Yaşa, Azərbaycan” mahnısının ifası ilə tədbirə yekun vuruldu.