Binəqədi rayonu Binəqədi bələdiyyəsində bələdiyyənin əməkdaşları ilə görüş keçirildi
01 mart 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov və Hüquq şöbəsinin müdiri Yunis Hüseynov Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar Binəqədi rayonu Binəqədi bələdiyyəsində olmuşlar.
Bələdiyyənin əməkdaşları ilə keçirilən görüş zamanı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə toxunulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın 2016-cı ildə də davam etdiyi bildirilmişdir. Həmçinin “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və digər strateji əhəmiyyətli sənədlərin imzalanmasının ölkə iqtisadiyyatına mühüm töhfələri olacağını bildirilmişdir.
Həmçinin görüşdə Rayon İcra Hakimiyyəti başçısının Şura iclaslarında səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlarla əlaqədar bələdiyyə əməkdaşlarına məlumat verilmiş, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tövsiyələr verilmiş, bələdiyyə tərəfindən yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları barədə fikir mübadiləsi aparılmışdır.