ASAN könüllüləri rayon ərazisində yerləşən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində olmuşlar.
03 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri rayon ərazisində yerləşən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində olmuşlar. Muzeyin direktoru Natiq Qurbanov muzeyin tarixi barədə danışmış, burada qurulmuş guşələr, eksponatlar haqqında ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, muzey Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafı tarixinə və onun gerçək vəziyyətinin işıqlandırılmasına həsr olunmuşdur. Muzeyin ekspozisiyasında Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələri: əkinçilik, heyvandarlıq, bağçılıq və s. müxtəlif çeşidli materiallar (sənədlər, fotoşəkillər) vasitəsi ilə öz əksini tapmışdır. Stasionar ekspozisiyanın tamaşaçılara nümayiş etdirilməsilə yanaşı muzey eyni zamanda geniş həcmli mühazirələr, sənədli filmlərin nümayişi, səyyar sərgilər və s. təşkil edir. Sonda Rayon İcra Hakimiyyəti tərəfindən muzeyə kitablar hədiyyə edilmiş və xatirə fotosu çəkdirilmişdir. Ekskursiya gənclərdə xoş təəssürat yaratmışdır.