Tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 98-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi
4 mart tarixində tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 98-ci ildönümü ilə bağlı Binəqədi rayonunun Biləcəri qəsəbəsində anım tədbiri keçirildi.
İlk öncə Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsi ziyarət edilərək, ruhuna dualar oxundu. Ziyarət mərasimindən sonra Ağa Musa Nağıyevin vəfatının 98-ci ildönümü ilə bağlı ehsan mərasimi verildi.
Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur.
28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Ağa Musa Nağıyevin maliyyəsi ilə tikilmişdir.
Məşhur milyonçu 1919-cu ilin mart ayında vəfat etdikdən sonra doğulduğu Biləcəri kəndində dəfn olunmuşdur.