Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 24 illiyi qeyd edildi
7 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının yaradılmasının 24 illiyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon təşkilatının Şura üzvləri və fəalları iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq 7 mart tarixinin hər bir partiya üzvü üçün əlamətdar tarix olduğunu bildirdi. Rayon təşkilatının sədri ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin siyasi rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və fəaliyyətindən geniş bəhs etdi. Qeyd etdi ki, Azərbaycan xalqının və ziyalılarının təkidli xahişi ilə yaradılan bu partiya öz fəaliyyətində daim dövlətçilik maraqlarını üstün tutub, xalqının istək və arzularının əsl carçısına çevrilib. Ramiz Göyüşov həmçinin partiyanın strukturunun formalaşmasından, rayon təşkilatlarının təsis olunmasından danışdı. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ilk təsis edilən öncül rayon təşkilatlarından biri olduğunu vurğuladı. Rayon təşkilatının yaradılmasından ötən 24 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən geniş bəhs etdi. Partiya üzvlərinin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin siyasi kursunu daim dəstəklədiklərini, təşəbbüskar olduqlarını, təşkilatın fəaliyyətində yaxından iştirak etdiklərini diqqətə çatdırdı. Sədr əlamətdar gün münasibətilə partiya üzvlərini təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Füzuli İsmayılzadə Yeni Azərbaycan Partiyasının olduqca çətin və mürəkkəb tarixi şəraitdə yaradıldığını bildirdi. 1993-cü ilin 7 mart tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təsis edilməsinin partiyanın fəaliyyətində, onun formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd etdi. Rayon təşkilatının ötən müddət ərzində məqsədyönlü fəaliyyət göstərdiyini, partiya üzvləri ilə daha sıx əlaqələrin qurulması istiqamətində mühüm işlər gördüyünü söylədi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva çıxış edərək dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışdı. O, Azərbaycanda gənclərin və qadınların hərtərəfli inkişafı, cəmiyyətdə özlərinə layiqli yer tutuması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan, icra etdiyi proqramlardan bəhs etdi.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək bildirdi ki, zamanın ağır sınaqlarından çıxmış, dövlətinin və xalqının maraqlarını ən ali maraqları hesab edən Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan siyasi tarixinin mühüm səhifələrindən biridir. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında 700 minə yaxın vətəndaşın təmsil olunduğunu bildirdən İlqar Süleymanov bunun ölkə vətəndaşlarının dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə gəstərdiyi yüksək etimadın göstərici olduğunu söylədi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 24 illiyi və təşkilatın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edildi, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə partiyanın qadın üzvləri təbrik edildi. Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə yeni partiya üzvlük vəsiqələri təqdim edildi.
Tədbir bədii hissə ilə davam etdirildi.