Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2017 | 11:00

Martın 7-də 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi rayonunda “Bəşərin əbədi tacıdır Ana” adlı bayram tədbiri təşkil olundu.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavin Aygün Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları  və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak etdilər.
Tədbirdə çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edərək, qadınlarımıza xoş və səmimi arzularını bildirdilər. Natiqlər qeyd etdilər ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. O cümlədən natiqlər bildiriblər ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup  qadınlar Fəxri Fərman və hədiyyələr ilə təltif olundular.
Tədbir bədii hissə ilə davam etdirildi, 115 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən “Sən kimsən Azərbaycan qadını”, əsgərlər kompozisiyası, dahi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən maraqlı səhnəciklər nümayiş etdirdilər.
Tədbirin sonunda xalq artistləri Nəzakət Teymurovanın və Samir Cəfərovun ifalarında ana haqqında mahnılar səsləndirildi, tədbirdə iştirak edən qadınlara güllər hədiyyə edildi.

Keçidlər