16 sentyabr 2024-cü il tarixində Binəqədi rayonu 276 saylı tam orta məktəbdə də 15 Sentyabr-“Bilik Günü” qeyd edildi
Bu gün respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Binəqədi rayonu 276 saylı tam orta məktəbdə də 15 Sentyabr-“Bilik Günü” qeyd edildi.
Tədbirdə şagirdləri, müəllimləri və valideynləri yeni tədris ili münasibəti ilə təbrik etmək üçün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 276 saylı tam orta məktəbin direktoru Bəhram Şiriyev, məktəbin müəllim, şagird və valideyn kollektivi iştirak edirdi.
Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbir açıq elan olunub.
Öncə 276 saylı məktəbin direktoru Bəhram Şiriyev şagirdləri, müəllimləri və qonaqları salamlayıb, yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə hər kəsi təbrik edib, şagirdlərə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxış edərək Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə məktəbin şagird və müəllim kollektivini, valideynləri təbrik edib. Bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə təhsillərində uğurlar diləyib.Təhsilalanların sağlamlığı və təhlükəsizlik məsələlərinə toxunan Agentlik direktoru bildirib ki, bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması olduqca önəmlidir, bununla bağlı valideynlərin üzərinə də mühüm işlər düşür.
Eşqi Bağırov daha sonra 276 nömrəli tam orta məktəbdə aparılan təlim-tədris prosesinə də toxundu. Ölkədə təhsillə bağlı həyata keçirilən ən innovativ layihələrin bu məktəbdə uğurla tətbiq olunduğunu qeyd edərək bunlara misal olaraq STEAM, “Rəqəmsal bacarıqlar”, Məktəblinin dostu”nun adlarını çəkdi.
Eşqi Bağırov sonda şagirdləri, müəllimləri və valideynləri bir daha yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək sağlam, təhlükəsiz mühitdə keyfiyyətli yüksək təhsil nəticələri arzuladı.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Ölkəmizin digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da yeni məktəblər tikilir, əsaslı təmir edilir və təhsil müəssisələri müasir avadanlıqlarla təchiz edilir.Nicat Allahverdiyev çıxışının sonunda isə məktəbin müəllim və şagird kollektivini yeni tədris ilinin başlanması və 15 Sentyabr-“Bilik Günü” münasibətilə Rayon İcra Hakimiyyəti başçısı və kollektivi adından təbrik edib və gələcək fəaliyyətində hər kəsə uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam edib, məktəbin şagirdləri müxtəlif mahnılar və rəqslər ifa ediblər. Bir-birindən maraqlı rəqs nümunələri tədbirə əlvanlıq qatıb.
Tədbirin sonunda "İlk Zəng" çalınıb və dərs başlanıb.