Binəqədi Mərkəzi Mədəniyyət Evində aprel şəhidi Fəxrəddin Qurbanlıya həsr olunmuş filmin təqdimatı oldu
Martın 31-də 2016-cı ilin aprel ayında qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Fəxrəddin Seydəddin oğlu Qurbanovun əziz xatirəsinə həsr olunmuş filmin təqdimatı oldu.
Tədbiri mədəniyyət evinin direktoru Şahin Səmədov açdı.
Daha sonra çıxış üçün söz alan Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov şəhidin əziz xatirəsini ehtiramla yad edərək, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımız düşmən işğalından tezliklə azad olunacaq.
Bu gün bütün sahələrdə olduğu kimi ordu quruculuğu, hərbiçilərin və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması, şəhid ailələri və qarabağ müharibəsi əlillərinə diqqət artmaqdadır. Bu dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Cənab Prezident tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar bizi bir daha əmin edir ki, ölkə başçısı xalqımız ilə birlikdə tezliklə işğalda olan torpaqlarımızın azad olunmasına nail olacaqdır.
Daha sonra gənc müğənni Çingiz Mustafayevin ifasında vətənpərvərlik mahnısı və Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin istedadlı tələbələrinin hazırladığı sənədli film və tamaşa nümayiş olundu.Daha sonra çıxış üçün söz alan aprel şəhidi Əbdülməcid Axundovun anası şəhid analarını hər zaman başlarını dik tutmağa çağırdı.
Tədbirin sonunda şəhidin atası Seyfəddin Qurbanlıya söz verildi. Seyfəddin Qurbanlı nitqində tədbirin ərsəyə gəlməsində əziyyət çəkən şəxslərə təşəkkür etdikdən sonra vurğuladı ki, “Aprel şəhidləri şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazdılar. Onlar Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlar. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırığı ilə, tezliklə biz şəhidlərimizin qisasını alacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Vətən sağ olsun!”