Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirildi

05 aprel 2017 | 11:00

5 Aprel 2017-ci il tarixdə “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında “ Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında rayon gənclərinin müddətli həqiqi  hərbi xidmətə yolasalınma mərasimi keçirildi.
Yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimov, Böyük Vətən Müharibəsi iştirakçıları, Milli qəhrəman Mirzə Quliyev, aprel şəhidlərinin valideynləri, Biləcəri qəsəbə I məhəllə məscidinin axundu Musa İbrahimov,  QHT sədrləri, hərbi xidmətə yola salınan gənclər, məktəblilər iştirak etdilər.
İlk öncə yolasalınma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Binəqədi rayonun şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının məzarlarını ziyarət etməklə başladı. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad edəcəklərinə inandıqlarını bildirdilər.
Hərbi xidmətə yola salınacaq gənclər daha sonra Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” Parkına yola düşdülər. Parkın ətrafında gəncləri vətənimizə, dövlətimizə yüksək əhval-ruhiyyə ilə xidmət etmələrinə mənəvi dəstək olmaq üçün rayon ictimaiyyəti toplaşmışdır.   Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyuldu. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə səsləndirildi.  
Daha sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin  rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, aprel şəhidləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun valideynləri hərbi xidmətə yola düşən gənclərimizə vətənin keşiyində durmağı, lazım gələrsə vətən torpağının azadlığı uğrundan canlarından belə keçməyə hazır olmağı tövsiyə etdilər. Natiqlər çıxışlarında bildirdilər ki, vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq deməkdir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi, xalq artisti Mübariz Tağıyevin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirildi, 179 və 182 saylı tam orta məkətbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda kompazisiyalar nümayiş edildi.
Tədbirin bədii hissəsi bitdikdən sonra gənclər Azərbaycan Bayrağını öpüb Qurani-Kərimin altından keçərək Böyük Vətən Müharibəsi veteranlarından  xeyir-dua alıb hərbi xidmətə yollandılar.

Keçidlər