YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının yeddinci konfransı keçirildi
19 aprel 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının növbəti-yeddinci konfransı keçirildi.
Tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq ölkəmizdə həyata keçirilən qadın siyasətindən bəhs edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən qadın siyasəti məsələlərinə daim diqqət yetirildiyini və Binəqədi qadınlarının ölkədə gedən ictimai-siyasi proseslərdə daha fəal şəkildə iştirak etdiklərini vurğuladı.
Sonra YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət İbrahimovanın təşkilatın əvvəlki konfransdan ötən dövr ərzində gördüyü işlərə dair hesabat məruzəsi dinlənildi.
M.İbrahimova ölkə qadınlarının fəallığına böyük təkan verən amillərdən biri kimi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai-siyasi, humanitar sahədə fəaliyyətini xüsusi vurğuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bu gün Azərbaycan qadınının milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq ölkənin sosial-iqtisadi, elmi-intellektual potensialının artmasına əvəzsiz töhfələr verdiyini söylədi.
Konfransda YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurası idarə heyətinin tərkibi müəyyənləşdi. Məlahət İbrahimova yenidən YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri seçildi. Həmçinin, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının konfransına nümayəndələr də seçildi.