Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Bənzərsiz diyar – Xınalıq” filmi nümayiş olunub
Aprelin 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Bənzərsiz diyar – Xınalıq” filmi nümayiş olunub.
Tədbirdə Binəqədi İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı, İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, “Bənzərsiz diyar – Xınalıq” filminin rejissoru Elçin Əsədov, operatoru Rəşad Orucoğlu iştirak ediblər.
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Rəna Bilyandarlı tədbiri açıq elan edib.
Tədbirdə Binəqədi İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı çıxış edərək bildirib ki, UNESCO tərəfindən aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. O vurğulayıb ki, abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli memarlıq və arxeoloji, o cümlədən 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır. Jalə Tofiqqızı aprel döyüşlərində işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası məsələsinə toxunub. O, Prezident İlham Əliyevin göstərişinə əsasən həmin kənddə Şuşa məscidinin memarlığını təkrarlayan məscidin tikilməsini böyük hadisə adlandırıb və nitqinə ölkə başçısının fikirləri ilə yekun vurub: “Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək”.
Sonra Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, “Bənzərsiz diyar – Xınalıq” filminin rejissoru Elçin Əsədov, operatoru Rəşad Orucoğlu Xınalıq haqqında məlumat verib, maraqlı faktlar danışıblar.
Daha sonra dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalığın tarixindən, adət-ənənələrindən, təbiətinin füsunkar gözəlliyindən bəhs edən “Bənzərsiz diyar – Xınalıq” filmi nümayiş olunub.
Tədbir iştirakçıları ilə filmin müzakirəsi aparılıb.