Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edildi
18 aprel 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsinin Ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edildi.
Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan 99, 115 və 30 saylı məktəblərin şagirdləri iştirak etdilər.
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır.
Ekskursiya zamanı məktəblilərə muzey haqqında muzey bələdçisi tərəfindən ətraflı məlumat verildi. Hal-hazırda saray kompleksinin ümumi sahəsi 0.7 ha-dır. Bütün Yaxın Şərqdə özünün analoquna malik olmayan bu kompleksdə 52 sayda otağı olan saray binası, hələ orta əsrlərdən xarici alim və səyahətçiləri valeh etmiş «Divanxana», ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyən XV əsr saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, «Şərq» portalı, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən saray məscidi, şahın ailəsinə mənsub türbə, maraqlı şərq memarlıq xüsusiyyətlərini özündə daşıyan qədim saray hamamı, 34 sayda pilləsi olan büllur sulu yeraltı su anbarı – şah ovdanı vardır.