Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirildi
3 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirildi.
Tədbir başlamazdan öncə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablara baxış keçirildi.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamladı və tədbirin məqsəd, məramı haqqında məlumat verdi. Bildirdi ki, rayon təşkilatı ümummilli liderin həyatına, siyasi fəaliyyətinə, ideologiyalarının yaşadılmasına və təbliğinə istiqamətlənmiş çoxsaylı tədbirlər, layihələr həyata keçirir. Bu günkü tədbir də Heydər Əliyev irsinin öyrənilməsinə xidmət edir. Onun sözlərinə görə Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasında müstəsna xidmətləri olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyev dühası Azərbaycanı düçar olduğu bəlalardan xilas etməklə yanaşı, Azərbaycançılıq, dövlətçilik və vətənçilik ideologiyasının yaradılmasında birbaşa iştirak etmişdir. Ramiz Göyüşov müasir, müstəqil Azərbaycanın bu günkü inkişafının məhz ulu öndərin misilsiz xidmətlərinin nəticəsi olduğunu qeyd etdi.
Tədbirdə millət vəkili, Atatürk Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün xalqımızda yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının vahid ideya, vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində olduqca vacibdir. Azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən idealogiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin tarixi xidmətidir və onun adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli azərbaycançılıq ideologiyasını da yaratdı. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq, vətənçilik ideologiyası ilə yanaşı, həmçinin azərbaycan dilinin yaşadılması, türkçülük, dövlətimizin və millətimizin türk dünyasındakı nüfuzunun daha da yüksəldilməsi istiqamətindəki xidmətlərindən bəhs etdi.
Tədbirin gedişatında Nizami Cəfərov tədbir iştirakçılarının müxtəlif mövzuları əhatə edən suallarını cavablandırdı. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının fəallarından – Yusif Alıyev, Vəfa Yaqubova, Pərviz Xasıyev, Nigar Məmmədova, Xədicə Cavadova, şairələr Təranə Məftun, Nüyvər Şərifova və başqaları tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər. Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə həsr olunmuş tədbirdə iştirak etməkdən böyük məmnunluq hissi keçirdiklərini vurğuladılar.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ulu öndər, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini önə çəkdi. Bu ideyaların dövlətimizin və millətimizin inkişafına, tərəqqisinə xidmət etdiyini və gələcək nəsillərə ötürülməsinin yüksək əhəmiyyət daşıdığını söylədi. 1990-cı illərin əvvəllərində xalqımızın çox böyük təhlükələrlə üz-üzə qaldığı bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin vahid siyasi strategiya və ideologiya ilə xalqımızı bu bəlalardan xilas etdiyini qeyd etdi. Bu gün inkişaf etmiş mütərəqqi, müasir və müstəqil Azərbaycan dövlətinin onun şah əsəri olduğunu diqqətə çatdırdı.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. Millət vəkili Nizami Cəfərova Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Fəxri Fərmanı təqdim edildi.