Şriftin ölçüsü :

Saytın rəngi :

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirildi

27 aprel 2013 | 10:00

2013-cü il aprelin 26-da Binəqədi Rayon İcra Hakimiyyəti və İqtisadi İnkişaf  Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı ilə Biləcəri qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirildi.
Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edirdi.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparıldı və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin və istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi.
Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirildi, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylandı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Binəqədi rayonunun çiçəklənməsində xüsusi rolunu vurğulayaraq rayonda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.
İqtisadi İnkişaf  Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğuladılar.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat verdi. Qeyd olundu ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 117,3 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 3800-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan yaradıb.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 23 sahibkarlıq subyektinə 1,1 milyon manat güzəştli kredit verildi. Bu kreditlər hesabına 50-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir sahibkarları maraqlandıran sualların cavablandırılması ilə davam etdirildi.

Keçidlər