Binəqədi rayonunun musiqi məktəbi Dövlət Mahnı Teatrında hesabat konserti verdi
12 may 2017-ci il tarixində Binəqədi rayonu Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yekun-hesabat konserti keçirildi.
Konsertdə xalq artisti Teymur Göyçayevin rəhbərliyi və Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri çıxış etdilər.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil şöbəsinin müdiri Yaşar Əliyev, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı şəhəri musiqi məktəblərinin direktorları, həmçinin bir çox tanınmış ziyalılar iştirak etdilər.
Konsertdə musiqi məktəbinin şagirdləri görkəmli musiqi dahiləri Baxın, Ridinqin, Berkoviçin, Paqanininin, Vivaldinin, T.Quliyevin, İ.Abdullayevin, A.Zeynallının əsərlərini skripkada, fortepianoda, balabanda ifa etdilər. Həmçinin, “Sən mənimsən, mən sənin”, “Ölkəm”, “Evləri var xana-xana”, “My fair lady” mahnıları səsləndirildi.
Konsertin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin rəhbərliyini və kollektivini uğurlu hesabat konserti münasibətilə təbrik etdi. Natiq çıxışında vurğuladı ki, milli musiqimizi ifaçılar, sənətkarlar, bəstəkarlar yaşadırlar. Çox sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqisinə, mədəniyyətinə göstərdiyi diqqət və qayğı bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, sevindirici haldır ki, Azərbaycan musiqisini bugünki gənclik həm ölkə daxilində, həm də beynəlxalq müsabiqələrdə layiqincə təmsil edir. Aygün Əliyeva 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin ifasını yüksək qiymətləndirərək bu gözəl ənənənin davam etdirilməsini arzuladı. Qeyd etdi ki, gənclərin musiqiyə, xüsusilə milli musiqiyə çox böyük marağı vardır. Və biz çalışmalıyıq ki, milli musiqimiz yaşasın, inkişaf etsin, zənginləşsin.