Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə “Film kimi keçən ömür” adı altında görüşü keçirildi

22 may 2017 | 11:00

22 may tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə “Film kimi keçən ömür” adı altında görüşü keçirildi.
Keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Sirac Məmmədov, Bakı Humanitar Kollecin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri, orta ümumtəhsil müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin gənc əməkdaşları, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəalları və gənclər iştirak etdilər.
Tədbir xalq artisti Rasim Balayevin həyat və yaradıcılığını əks etdirən videorolikin nümayişi ilə başladı.
Daha sonra tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov aktyorun həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, teatr və kino sənəti bir məbəddir. Bütün insanlar harada çalışmalarından asılı olmayaraq, nədənsə onları əhatə edən insanlardan, doğmalarından, yaxınlarından, hətta yadlardan belə diqqət, qayğı və xoş söz gözləyir. Bütün həyatını və ömrünü sənətə qurban verənlər isə ikiqat sevgiyə layiqdir. Natiq bildirdi ki, teatr və kino sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra, kinoya olan marağın artması yeni fəaliyyət formalarının yaranmasına səbəb olur. Bu, həm də bu istiqamətdə qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir.
Sonra “Nəsimi” filmindən fraqment nümayiş olundu.
Fraqmentdən sonra Bakı Humanitar Kollecin tələbələrinin iştirakı ilə Nəsimi obrazında “Məndə sığar iki cahan, mən bu cahana sığmaram”, “Ey müsəlmanlar”  və “Hardasan”  qəzəlləri səsləndirildi.
Daha sonra “Dilbəra mən səndən ayrı canı neylərəm” muğamı səsləndi, “Sən həmişə mənimləsən” tamaşasından fraqment nümayiş edildi. Sonra Nargilə və Həsənzadə obrazları Bakı Humanitar Kollecinin tələbələrinin ifasında nümayiş etdirildi. 
Bədii hissədən sonra xalq artisti Rasim Balayev auditoriyanın suallarını cavablandırdı və aktyora sual ünvanlayan gənclə birlikdə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini səsləndirdi.
Suallardan sonra Rasim Balayev tərəfindən Bakı Humanitar Kollecinin kompozisiyalarda iştirak edən tələbələrinə Fəxri Fərmanlar təqdim edildi.
Təltiflərdən sonra çıxış edən xalq artisti Rasim Balayev tədbirlə bağlı öz xoş təəssüratını bölüşdü və belə səmimi görüşün təşkilinə görə rayon rəhbərliyinə, təşkilatçılara təşəkkürünü çatdırdı. Xalq artisti çıxışında bildirdi ki, Şərqdə ilk professional teatrın yaradılış məkanı sayılan ölkəmizdə bu gün də bu sənətin inkişafı, təkmilləşdirilməsi, zəngin bədii irsimizin və yaradıcılıq ənənələrinin möhkəmləndirilməsi, teatr binalarının müasir standartlara uyğunlaşdırılması, onların maddi-texniki bazasının daha sivil tələblərə uyğunlaşdırılması, ən başlıcası isə tamaşaçı və dinləyicilərin mənəvi ehtiyaclarını, estetik baxışlarını formalaşdıra biləcək səhnə əsərlərinin yaradılması üçün nəzərə çarpacaq dərəcədə çox böyük işlər görülməkdədir.
Tədbirin sonunda “Babək” filmindən fraqment nümayiş olundu, Yallı rəqsi ilə tədbirə yekun vuruldu.
Tədbirdən sonra gənclər xalq artisti Rasim Balayevlə xatirə fotoları çəkdirdilər.

Keçidlər