Binəqədi rayonunda 28 May Respublika Günü ilə bağlı “Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi olsun!” adlı tədbir keçirildi
Mayın 25-də Binəqədi Rayon İcra Hakimiyyəti ,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, “Şahinlər” hərbi-idman oyununun qalib komandaları, ASAN Könüllüləri, fəal gənclər iştirak etdilər.
Tədbirdən öncə Heydər Əliyev adına istirahət parında 297 saylı orta məktəbin şagirdlərinin ifasında fləşmob nümayiş olundu.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir açıq elan edildi.
Tədbiri giriş nitqi ilə başlayan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdi.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğuladı, 1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn ulu Öndər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs etdi və tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik etdi.
Sonra Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov geniş məlumat verdi və bildirdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. Natiq onu da qeyd etdi ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər.
Çıxışlardan sonra “Şahinlər” hərbi-idman oyununun qalib komandaları mükafatlandırıldı.
Rəsmi hissə bitdikdən sonra 158 və 177 saylı körpələr evi-uşaq bağçalarının, M.Maqomayev adına 26 №-li onbirillik Uşaq Musiqi Məktəbi və Bakı Humanitar Kollecin rəqs ansamblının hazırladığı kompozisiya nümunələri nümayiş olundu.
Tədbir Azərbaycanın üçrəngli bayraqlarının səhnədə dalğalandırılması ilə yekunlaşdı.