Binəqədi rayonu, 3 nömrəli tam orta məktəbdə akademik Vaqif Abbasovla görüş keçirildi
26 may 2017-ci il tarixində Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovla görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndəsi Rahil Şükürov, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları və 3 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və X-XI sinif şagirdləri iştirak etdilər.
İlk öncə 3 nömrəli tam orta məktəbin direktoru Natavan Əsədova tədbirdə iştirak edən qonaqları, müəllimləri, şagirdləri salamlayıb, şagirdlərlə belə görüşlərin təşkil olunmasının əhəmiyyətindən danışdı.
Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları salamlayaraq, Vaqif Abbasovu öncə milli-mənəvi dəyərlərimizə sahib çıxan, müasir müəllim olaraq, tələbələrə biliklər ilə yanaşı xalqımızın əqidə incəliklərin doğru çatdırılmasında nümunəvi bir alim olduğunu bildirdi, təhsil və elm sahəsində bundan sonrakı gələcək fəaliyyətində ona uğurlar arzuladı. A.Əliyeva IV İslam Həmrəyliyi Oyunlarına da toxunaraq bildirdi: “Azərbaycanın komanda hesabında birinci yeri tutmasının ölkədə idmana diqqətin nəticəsidir. İdmançıların əksəriyyəti məhz Azərbaycanın müstəqillik illərində yetişiblər. İdmançıların əksəriyyətinin 20-25 yaşı var. Bu onu göstərir ki, müstəqillik illərində siyasi, iqtisadi sahələrdə, dövlətçiliklə bağlı olduğu kimi idman sahəsində də böyük işlər görülüb. Bu uğurlar da onun nəticəsidir. Beləliklə, Azərbaycan yenə də dünyaya güclü, qüdrətli, stabil dövlət olduğunu nümayiş etdirdi. Azərbaycana gələn idmançılar, əcnəbi tamaşaçılar Azərbaycanın inkişafının, uğurlarının şahidi oldular”. A.Əliyeva bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğuladı, bu görüşün şagirdlərin gələcək həyatlarında böyük rol oynayacığını söylədi və belə görüşlərin davamlı olmasını arzuladı.
Daha sonra çıxış edən akademik Vaqif Abbasov maraqlı və faydalı fikirlərini tədbir iştirakçıları ilə bölüşərək şagirdlərə müəllimlik peşəsinin böyüklüyündən, kimya elminin həyatımızın ayrılmaz hissəsi olduğundan danışdı. Akademik qeyd etdi ki, gənclərin vətənpərvər ruhda böyüməsi üçün mütləq vətənə, xalqa, bayrağımıza, böyüklərimizə sevgi olmalıdır. Sonra natiq Ümummilli lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsi üçün gördüyü işlərdən danışaraq, ulu öndər Heydər Əliyev məfkurəsinin elmi təhlilini verib, bütün dövrlərdə onun siyasətinin uğurlu olmasını dahi şəxsiyyətin liderlik zirvəsi ilə əsaslandırdı. Alim Azərbaycanın neft tarixindən, ölkəmizin taleyində neftin yeri və təsirindən, ulu öndərin neft sənayesinin inkişafında əvəzsiz rolundan danışdı. Bildirdi ki, ümummilli liderin uğurlu neft strategiyası Azərbaycanın təhsil sisteminin və elminin inkişafında mühüm rol oynayıb. Akademik bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğuladı.
Tədbirdə akademik Vaqif Abbasova xatirə hədiyyəsi təqdim olundu.