Binəqədi rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi
26 may tarixində Binəqədi rayonunda 40 saylı körpələr evi–uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Uşaqların nağıl dünyası” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Dilbər Şükürova, Binəqədi bağçalarının kuratoru Sevil İmanova, rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin kollektivləri iştirak etdilər.
İlk öncə tədbiri balaca fidanlar açaraq tədbirin proqramı haqqında məlumat verdilər.
Daha sonra çıxış edənlər - Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov uşaqları təbrik edərək vurğuladılar ki, uşaqlar bizim gələcəyimizdir. Natiqlər bildirdilər ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış “Uşaqların nağıl dünyası” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirildi. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval- ruhiyyə yaratdı.
Tədbirin sonunda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq “Uşaqların nağıl dünyası” adlı tədbirə yekun vuruldu.