Binəqədi rayonunda “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Xocasən bələdiyyəsinin təşkilatçılığı ilə 26 may 2017-ci il tarixində Binəqədi rayonu 313 №-li tam orta məktəbdə Ailə Akademiyası layihəsi çərçivəsində “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda növbəti tədbir keçirildi.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova, 313 №-li tam orta məktəbin direktoru Zakir Bayramov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin Yetkinlik yaşına çatmayanların inspektoru-polis mayoru Samir Daşdəmirov, Rayon Ağsaqqallar Şurasının üzvü Ağayar Məmmədov, Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədr müavini İsbəndiyar Xankişiyev, Xocasən bələdiyyəsinin ictimai-humanitar məsələlər sektorunun müdiri Pərvanə Gözəlova, məktəbin pedaqoji kollektivi, valideynlər və yuxarı sinif şagirdləri iştirak etdilər.
Giriş nitqi ilə tədbiri açan məktəbin direktoru Zakir Bayramov qonaqları salamlayaraq, sözü Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanovaya verdi. Rəis müavini “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda keçirilən tədbirin “Ailə Akademiyası” layihəsi çərçivəsində rayon ərazisində keçirilən növbəti tədbirlərdən biri olduğunu vurğuladı və ailənin bütün dövrlərdə birlik rəmzi kimi müqəddəs sayılmasından, bu kiçik dövlətin təməlinin möhkəm, Azərbaycan milli mentalitetinə əsaslanan zəmin üzərində qurulmasından, sağlam psixologiyalı gənclərin və ən əsası düzgün tərbiyə mühitində formalaşmış gələcəyin valideynlərinin yetişməsindən söhbət açdı.
“Erkən nikahın fəsadları” adlı qısametrajlı filmin nümayişindən sonra çıxış edən natiqlər– Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı Ailə Akademiyası layihəsi çərçivəsində keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək, erkən nikahların fəsadları, yeniyetmələrin problemləri və bu problemlərin həlli yolları, ailə dəyərlərinin qorunub saxlanılması və sağlam həyat tərzinin təbliği istiqamətində məktəblərdə valideynlər və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda mühazirələr təşkil olunmasından; Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova ailə dəyərlərindən, eyni zamanda ailələrdə baş verən problemlərdən, məişət zorakılıqlarından, bunun da nəticəsi olaraq uşaqların gələcək həyatında yaratdığı problemlərdən, komissiyaya olan müraciətlərdən və onların həlli yollarından; Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin Yetkinlik yaşına çatmayanların inspektoru-polis mayoru Samir Daşdəmirov yeniyetmə və gənclərin təhsilə diqqət yetirmələrindən, asudə vaxtlarından daha səmərəli istifadə etmələrindən, internet klublarda, sosial şəbəkələrdə boş vaxt keçirməyin onların fərdi inkişaflarına mənfi təsir göstərməsindən danışdılar.
Binəqədi rayon Ağsaqqallar Şurasının üzvü Ağayar Məmmədov yeniyetmələrə diqqətini təhsilə yönəltməyi, daha əzmkar fəaliyyətlə qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlməyi arzuladı və tövsiyələrini verdi.
Binəqədi rayonu Xocasən bələdiyyəsinin ictimai-humanitar məsələlər sektorunun müdiri Pərvanə Gözəlova, məktəblilərlə keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlərdən, məktəbin psixoloqu şagirdlərin müraciətləri əsasında onlara edilən məsləhətlərdən söhbət açdı.
Tədbirin gedişatında ekspertlər şagirdlərin suallarını cavablandırdılar. Sonda məktəbin direktoru Zakir Bayramov yeniyetmə və gənclərə öz məsləhətlərini verdi və onlara təhsildə uğurlar arzuladı.