Binəqədi Rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirildi
31 May 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
İlk öncə müşavirəni açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Natiq bildirdi ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Və qloballaşan dünyanın tələblərinə cavab verən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsi olaraq yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də ətraflı müzakirələr aparılmalı, konkret işlər görülməlidir.
Daha sonra “Rayonun ictimai-siyasi vəziyyətinin təhlili və qarşıda duran vəzifələr” mövzusunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Hüquq-mühafizə orqanları ilə koordinasiya işinin gücləndirilməsi” mövzusunda şöbə müdiri Yunis Hüseynov, “Sosial-iqtisadi islahatların nəticələrinin və sahibkarlığın təşviqi” mövzusunda şöbə müdiri Yəhya Əliyev, “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları arasında koordinasiyanın gücləndirilməsi və icra inzibatçılığının təkmilləşdirilməsi” mövzusunda şöbə müdiri Ramiz Göyüşov, “Vətəndaşların müraciətlərinə baxılarkən ideoloji işin təşviqi” mövzusunda və “Binəqədi rayonunda ideoloji işin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” layihəsinin təqdimatı ilə şöbə müdiri Elnur İmanov çıxış etdilər.
Çıxışlardan sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov Şura iclasının qərar layihəsini oxudu.
Müşavirəyə yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Təbliğat işinin əsas mənası onun təsirli olmasındadır. Ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir. Cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi təbliğat işinə yeni yanaşmanı, onun səmərəliliyinin artırılmasını, üslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir.
Dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Bütün bunlar dövlətin həyata keçirdiyi, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasından sonra əldə olunan neft gəlirlərinin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi ilə səciyyələn hərtərəfli inkişaf konsepsiyasının nəticəsidir. Natiq onu da qeyd etdi ki, rayon icra hakimiyyətləri tərəfindən yerli resurs və imkanlardan istifadə edilərək ölkədə keçirilən islahatların mahiyyətinin əhaliyə daha dolğun çatdırılması üçün öz imkanları daxilində müəyyən işlər görülür. Bu işlərin daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun həyata keçirilməsinə zərurət yaranmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği şəhər, rayon icra hakimiyyətlərinin gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır.
Şəhər, rayon icra hakimiyyətinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndəliklərinin hər bir əməkdaşı bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidirlər.
Sonda bu mövzuya həsr olunmuş, əvvəlcədən hazırlanmış iş planı müəssisə rəhbərlərinə gündəlik fəaliyyətlərində istifadə olunmaq üçün tövsiyə edildi.