Binəqədi rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə hemofiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədbir keçirildi
30 may tarixində Binəqədi rayonunda Akademik Zərifə Əliyeva adına istirahət parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə hemofiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, “Mədinə” Tibb Mərkəzinin baş həkimi, tibb elmləri namizədi Ülviyyə Aslanova, hemofiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar və onların valideynləri iştirak etdilər.
İlk öncə tədbirin aparıcısı tədbiri açaraq proqram haqqında məlumat verdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bütün uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edərək, uğurlar dilədi. Natiq çıxışında bildirdi ki, uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət etməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılıdır.
Sonra tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirildi. Hemofiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqların nümayiş etdirdikləri mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyə yaratdı.
Tədbirin sonunda balacaların ifasında moda nümayişi edildi və tədbir iştirakçıları Fəxri Fərmanlarla təltif edildilər. Tədbirə “Azərbaycan” mahnısı ilə yekun vuruldu.