Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi qeyd edildi
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış “Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında” 22 fevral 2013-cü il tarixli 65 saylı sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, 2013-ci il aprelin 30-da “Hollywood” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi qeyd edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış ulu öndərin ömür yolundan bəhs edən sənədli filmin nümayişi ilə başlayan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov çıxışında xalqımızın son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcəyini və hər birimiz üçün parlaq örnək qalacağını bildirdi. Hazırda Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdir.
Cənab Xaləddin İsgəndərov çıxışında hər bir dövlətin milli mənafelərinin sosial-iqtisadi yüksəlişin, beynəlxalq əməkdaşlıq məsələlərin təminatında, xarici tədqiqlərin qabaqlaşmasında və aradan qaldırılmasında düzgün və çevik xarici siyasət müstəsna əhəmiyyətə malik olduğunu qeyd etdi. Azərbaycan dövlətinin ən çətin və ən mürəkkəb məsələsində hərbi təcavüz, iqtisadi sarsıntılar vətəndaş müharibəsi təhlükəsinin yaxınlaşdığı bir dövrdə xalqın təkidli çağırışı ilə hakimiyyətə gələn ümummilli liderimiz dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri xalqımızın milli mənafelərinin təmin olunması prinsipləri üzərində quraraq ölkəmizin xarici siyasətini bu təməl üzərində uğurla inkişaf etdirmişdir.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxışında Azərbaycanın indiki iqtisadi sıçrayışına, sosial tərəqqisinə və ictimai-siyasi sabitliyin davamlılığına ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə müəyyən edilmiş kompleks islahatlar strategiyası, düşünülmüş uzunmüddətli siyasi kurs baza yatadığını dedi. 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət başçısı seçilməsi respublikamızın inkişafı üçün yeni üfüqlər açdı və Azərbaycan ulu öndərin hakimiyyəti illərində misli görünməmiş inkişaf yolu keçdi. Bu gün də uğurla davam etdirilən bu strategiya 40 il əvvəl təməli qoyulan inkişaf və tərəqqi konsepsiyasına söykənir və yeni mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.
Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov çıxış edərək ulu öndərin həyatının hər bir dövrü Azərbaycanın yüksəlişi, onun beynəlxalq aləmdə daha böyük nüfuz qazanması mərhələsi olduğu söylədi.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan üçün həyati əhəmiyyət daşıyan mürəkkəb ictimai-siyasi proseslərin getdiyi bir vaxtda Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərməsi Azərbaycanı bir dövlət kimi məhv etmək istəyən daxili və xarici düşmənləri təşvişə salmışdı.O, xaos və təhlükələr, kəskin ictimai narazılıqlar və qarşıdurmalar, dövlət çevrilişləri dövrünü yaşayan ölkəmiz üçün ümid yerinə çevrildi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış edən “Cəngi” rəqs ansamblı, Respublikanın xalq artisti Məleykə Əsədova, Respublikanın xalq artisti Agadadaş Agayev, Gənc və istedadlı mügənni Ramal, Aypara qrupu, Röya, Xəyyam Mustafazadə və digərləri öz çıxışları ilə tədbirə rəngarənglik qatdılar.