Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dünya bizim dünyadır” adlı tədbir keçirildi

01 iyun 2017 | 11:00

1 iyun tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Azline” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “1 iyun Uşaqların müdafiəsi günü”  münasibətilə “Dünya bizim dünyadır” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “Azline” Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, rayon sakinləri və balacalar iştirak etdilər.
İlk öncə tədbirin aparıcısı tədbiri açaraq proqram haqqında məlumat verdi.
Tədbirdə çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqları təbrik edərək qeyd etdi ki, Azərbaycan uşaqlarına qayğı hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.
Uşaqlara qayğı Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “Azline” Tədris Mərkəzinin direktoru Anar Zərbiyev ən xoş arzularını bildirərək, uşaqları təbrik etdilər, qeyd olundu ki, uşaqlar, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar və yüksəklərə qaldıracaqlar. 
Sonra uşaqların ifasında nağıl qəhrəmanları canlandırılaraq müxtəlif kompozisiyalar, şeir, musiqi və rəqslər nümayiş olundu. Təqdim olunan kompozisiyalar insanlar tərəfindən xoş qarşılandı.
Tədbirin sonunda Binəqədi rayonunun istedadlı gənc sakini mahnı ifa etdi, klounlar uşaqları əyləndirdi.

Keçidlər