Binəqədi rayonunda təcrübə keçən “ASAN” Könüllüləri üçün təlim keçirildi
İyunun 3-də Binəqədi rayonunda təcrübə keçən “ASAN” Könüllüləri üçün “Layihələrin yazılması, idarə edilməsi, büdcə qaydaları və onların tətbiqi, donor təşkilatlarla əməkdaşlıq qaydaları” mövzusunda təlim təşkil edildi.
İlk öncə könüllü gənclərə təlim prossesində aktiv olmaq üçün test tapşırıqları verildi. Test tapşırıqlarını icra etdikdən sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova layihə təlimi haqqında geniş məlumat verdi.
Gənclərə “Layihə nədir?”, “Layihə meneceri kimdir?”, “Donor təşkilatlarla necə işləmək olar?”, “Büdcə və onun idarə edilməsi” kimi mövzularla bağlı ətraflı məlumat verildi.
Daha sonra gənclər 3 qrupa bölünərək, onlara təhsil, ekologiya və turizm mövzularında praktik tapşırıqlar verildi.
Gənclər bir həftə boyunca mövzular üzrə verilən tapşırıqlara uyğun layihə hazırlayıb təqdimat edəcəklər.