Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda gənclərin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və multikultural dəyərlər” mövzusunda maarifləndirmə tədbiri keçirildi

08 iyun 2017 | 11:00

İyunun 8-də Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda gənclərin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və multikultural dəyərlər” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
100 nömrəli orta məktəbdə təşkil olunan tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov insan hüquqları və multikultural dəyərlərdən bəhs edərək, dövlətin bu sahədə həyata keçirdiyi işləri vurğuladı.
Natiq daha sonra qeyd etdi ki, cənab Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Həmçinin 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan olunması və 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan olunması, eləcə də, ölkəmizdə mütəmadi olaraq təşkil olunan beynəlxalq humanitar tədbirlər insan hüquqlarının qorunmasını multikulturalizm mövqeyindən təbliğini aktual edir.
Daha sonra çıxış üçün söz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasova verildi. R.İlyasov çıxışında vurğuladı ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgə yaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb və  ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir.
Çıxışlarda insan hüquqlarının mahiyyəti, beynəlxalq və ölkədaxili standartlar barədə məktəblilərə ətraflı məlumat verildi. Azərbaycanın tarixən multikultural və insan hüquqlarına hörmətlə yanaşan bir ölkə olması, insanların hər hansı coğrafiyada yaşamağından, irqindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin adət-ənənəsinə, inancına, mədəniyyətinə hörmətlə yanaşmağın multikulturalizmin əsas mahiyyəti olduğu vurğulandı.
Tədbir məruzələr ətrafında gəncləri maraqlandıran sualların cavablandırılması ilə davam etdi.
Sonda məktəbin direktoru Gülnarə Məmmədova tədbirin təşkilatçılarına məktəbin kollektivi adından minnətdarlığını bildirdi.

Keçidlər