Binəqədi rayonu Mərkəzi Kitabxana Sistemində “Yay qiraəti” adlı layihə həyata keçirildi
9 iyun 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Yay qiraəti” adlı layihə həyata keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndarlı, Rusiya Səfirliyinin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təhsil proqramı üzrə koordinatoru Natiq Əliyev, Rus Dünyası Mərkəzinin direktoru Arzu Sahibqızı, Rus Kitab Evinin direktoru İsrafil İsmayılov, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kurs magistrantı çinli Yan Tin, Binəqədi rayon 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin metodisti Nuranə Novruzova, Nəsimi rayon Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin nümayəndələri, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filial müdirləri və 102 saylı orta məktəbin şagird və müəllim kollektivi iştirak etdi.
Tədbir yaşayış binalarının ətrafındakı meydançada təşkil olundu.
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndarlı qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təhsil proqramı üzrə koordinatoru Natiq Əliyev tədbirin məqsədi barədə danışdılar.
Bildirildi ki, layihənin əsas məqsədi yay tətilini heç yerə getməyib şəhərdə keçirən uşaqlar üçün asudə vaxtın səmərəli təşkili və kitabın, məktəblilər arasında mütaliənin təbliğidir.
Layihə çərçivəsində məktəblilər kitabxanaya yazıldılar və seçdikləri ədəbiyyat nüsxələri oxumaları üçün onlara evə verildi.
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Yay qiraəti” layihəsi hər cümə günü eyni ərazidə təşkil olunacaqdır. Şagirdlər oxuduqları kitabları qaytararaq yeni ədəbiyyat nüsxələrini götürəcəklər. Oxuduqları kitablar əsasında isə məktəblilər esse yaza, həmin kitabdan bəhs edən rəsm çəkə bilərlər. Eyni zamanda Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzləri də iştirak edərək uşaqlarla məşğul olacaq, onlara rəsm çəkməyi öyrədəcəklər. Həmçinin uşaqların görüşünə Bakı Dövlət Universitetinin Rusiya Dünyası Fondunun və yazıçıların gəlmələri nəzərdə tutulub.
Çəkilən rəsmlər və yazılan esselər Binəqədi Rayon MKS-nin binagadi.cls.az saytında və facebook səhifəsində yerləşdiriləcəkdir. Layihənin nəticəsi və qalibi sentyabr ayında səsvermə yolu ilə müəyyən olunacaq. Qalib “Yay qiraətinin lideri” adlandırılacaq və müxtəlif mükafatlar təqdim olunacaq.