Binəqədi rayonunda şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə “Poeziya Çələngi” adlı görüş keçirildi
20 iyun 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə “Poeziya Çələngi” adlı görüş keçirildi.
Görüşdən öncə tədbir iştirakçıları rayon təşkilatının binasının foyesində şairin şeirlərinə bəstələnmiş mahnıların sədaları altında çay süfrəsində iştirak etdilər.
Daha sonra görüş akt zalında davam etdirildi. Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bütün tədbir iştirakçılarını salamladı və Vahid Əzizlə keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirdi. Qeyd etdi ki, şair Vahid Əzizlə görüş rayon təşkilatının üzvlərinin çoxdankı istəyidir və bu görüş poeziya sevərlərə bir ərmağandır. Sədr vurğuladı ki, rayon təşkilatı partiya üzvlərinin istək və arzularına uyğun olaraq ölkəmizin müxtəlif sahələr üzrə tanınmış, ziyalı insanları ilə görüşlər təşkil edir. Vahid Əzizlə bu günkü görüş də həmin görüşlərdən biridir. Ramiz Göyüşov çıxışında şair Vahid Əzizin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək onun yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu və şeirlərinin öz məzmununa, əhatəliyinə görə seçildiyini diqqətə çatdırdı.
Görüşdə çıxış edən şair Vahid Əziz poeziya sevərlərlə belə bir görüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, şairlik onun üçün müqəddəs bir peşədir və hər dəfə yazdığı şeirlərlə sanki başqa bir dünyaya səyahət edir. Şair ömrünü şeirə, ədəbiyyata həsr etdiyi üçün heç vaxt peşman olmadığını, əksinə onu sevənlərlə, şeirə, poeziyaya maraq göstərənlərlə görüşdükcə daha da ruhlandığını bildirdi. Şair tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırdı. Ədəbiyyatda özünə nümunə götürdüyü şairlərdən Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Arazın adlarını çəkdi. Şair həmçinin şeirlərinə yazılan mahnılar haqqında da ətraflı danışdı, bu günədək 200-ə yaxın şeirinə musiqi bəstələndiyini, təkcə bəstəkar Eldar Mansurovla birlikdə 75 musiqi ərsəyə gətirdiklərini söylədi. Şeirə, poeziyaya böyük rəğbət gördükcə daha da həvəsləndiyini və bu günkü görüşün xatirələrdə unudulmaz izlər qoyacağını vurğuladı. Şair yaradıcılığından bir neçə şeir səsləndirdi.
Görüşdə Binəqədi rayonunun istedadlı gənclərinin ifasında şairin şeirlərindən “Mənə yüz il ömür arzulamayın”, “Bəlkə”, “Dayan vaxtı deyil vidalaşmağın”, “Unutdum”, “Əzizim” şeirləri, onun şeirlərinə bəstələnmiş “Mehribanım”, “Qurban olum” mahnıları səsləndirildi.
Görüşün sonunda şair istedadlı gənclərə imzalı kitablarını hədiyyə etdi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov şairə belə bir görüşün keçirilməsinə verdiyi töhfəyə görə təşəkkürnamə və hədiyyə təqdim etdi.
Sonda xatirə şəkili çəkdirildi.
Görüş şair Vahid Əziz və poeziya sevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.