Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd olundu
Binəqədi Rayon Polis İdarəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon prokuroru Nazim İmanov, DTX Binəqədi rayon idarəsinin rəisi Polad Abdullayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Aparatın məsul işçiləri, idarənin şəxsi heyəti, polis əməkdaşı olmuş Qarabağ müharibəsi veteranlarının və şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri iştirak etdilər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov açaraq qonaqları təqdim etdi. Daha sonra Azərbaycan Polis Gününün yaranması tarixindən və bu gün bu sahədə əldə edilən uğurlardan danışıldı.
Daha sonra Daxili İşlər naziri Ramil Usubovun təbrik teleqramını oxumaq üçün söz Təşkilati inspektor qrupunun baş inspektoru polis polkovnik leytenantı Qafar Haqverdiyevə verildi.
Sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov Rayon İcra Hakimiyyəti adından şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı. Natiq çıxışında Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon prokuroru Nazim İmanov, DTX Binəqədi rayon İdarəsinin rəisi Polad Abdullayev, keçmiş polis əməkdaşı və şəhid ailəsinin üzvləri bu şərəfli sahədə çalışanları təbrik edərək, dövlətin bu sahəyə verdikləri diqqət, qayğıdan danışdılar.
Sonra xidməti vəzifəsində fərqlənmiş 15 nəfər polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edildi.
Tədbiri yekun nitqi ilə yekunlaşdıran Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti xüsusi məmnunluqla ifadə etdi və bu peşə sahiblərinə daim bu diqqəti dəyərləndirməyi tövsiyə etdi.
Natiq çıxışının yekununda Binəqədi Rayon İcra Hakimiyyətinə şəxsi heyət adından öz təşəkkürünü bildirdi.