20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirildi
18 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirildi. Görüşdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, 20 Yanvar Cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və cəmiyyətin üzvləri iştirak edirdilər.
Əvvəlcə Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov çıxış edərək bildirdi ki, “1990-cı il 20 yanvar tarixi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Həmin vaxt Moskvada yaşayan xalqımızın Ümumilli Lideri Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edərək xalqımızın başına gətirilən müsibətləri, haqq səsini bütün dünyaya çatdırdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. 20 Yanvar – “Ümumxalq Hüzn Günü” elan edildi. Bu tarix həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür. 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf və qürur səhifələridir”.
Daha sonra “20 Yanvar Cəmiyyəti”nin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov çıxış edərək, şəhid ailərinin, sağlamlığını itirən əllilərin pensiya təminatının, sosial təminatlarının, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi, əlillərin reabilitasiyası ilə bağlı göstərilən diqqət və qayğıya görə cəmiyyətin bütün üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.